Murad Mirzəyev 1976‐cı ilin baharında Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. 1991‐1994‐cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə Ali Hərbi Quru Qoşunları məktəbində (Kara Hərb Okulu) davam etdirib və 1998‐ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirir. Məzun Murad Mirzəyevə diplom və xatirə “Qılınc və məzun üzüyü” Türkiyə prezidenti mərhum Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbələr arasında Murad birincilik qazanaraq “Onur Başkanı” təyin olunur. 1998‐ci ilin sentyabrından Murad Mirzəyev Eyirdir Dağ Komando məktəbində 3 aylıq, 1999‐cu ilin yanvar‐iyun aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin 4‐cü Motoatıcı Briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayır. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi bacarıqlı, cəsur, gənc zabiti ölkəmizə xidmət etməyə dəvət edir. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə təyinat alan baş leytenant Murad Mirzəyev bir müddətdən sonra arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirir. Murad Mirzəyev 1999‐cu ilin oktyabrında Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən motoatıcı tağım komandiri, dekabr ayında isə kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsinə təyin olunur. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlir. M.Mirzəyev 2005‐2007‐ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlar üçün nəzərdə tutulmuş “Ranger” kursunu tamamlayır. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmətə başlamasının 10‐cu illiyində Murad Mirzəyev “Qüsursuz xidmətə görə” 3‐cü dərəcəli medalı ilə təltif olunur və bu mükafat Murad Mirzəyevin ilk mükafatı olur. Murad Mirzəyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918‐2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918‐2013)”, yubiley medalları və “Qızıl Ulduz” medalı ilə təltif olunmuşdur. Murad Mirzəyev 2016‐cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri‐bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyevin 2009‐cu il təvəllüdlü Nurlan və 2011‐ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016‐cı il tarixli sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrin polkovnik‐leytenantı Murad Telman oğlu Mirzəyev ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
