APREL DÖYÜŞLƏRİ

YUSİFOV VÜQAR NÜRƏDDİN OĞLU

Vüqar Yusifov 1976-cı il 2 noyabrda Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 1993-cü ildə 11-ci sinfi bitirərək Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmiş, 1997-ci ildə leytenant rütbəsi almış, 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, 1997-ci il tarixindən Türkiyə Respublikası Egridir dağ komando məktəbində “Komando başlanğıç” kursunu kecmiş, Komando məktəbini azərbaycanlı müdavimlər arasında birinciliklə bitirmiş, 1998-ci ildən Türkiyə 18-ci zirehli briqadasında taqım komandiri vəzifəsində praktiki təcrübə kecmiş, Müdafiə Nazirinin əmrilə “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmiş, qısa müddətdən sonra xidmətdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsinə irəli çəkilmişdir. 2002-ci ildə isə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Göstərdiyi qüsursuz xidmət komandanlıq tərəfindən qiymətləndirilmiş, Müdafiə naziri tərəfindən Qüsursuz xidmətlərinə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında “Fort Haucka” quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursunda, 2011-ci ildə isə Pakistanda Xüsusi təyyinatlı təkmilləşdirmə kurslarında iştirak etmişdir. Azərbaycan ordusunda sayılıb seçilən kadrlardan olan polkovnik Vüqar Yusifov düşmənin diversiya hərəkətlərinin qarşısını dəfələrlə almışdır. Düşmənin 2014-cü il avqustunda cəbhəyanı yaşayış sahələrimizə təxribatının qarşısın alınmasında isə xüsusi xidmətlər göstərmiş, komandanlığın əmrini qüsursuz icra etmişdir. 2016-cı ilin aprel ayının 4-də Tərtər rayonu Talış yüksəkliyində baş verən döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni (III dərəcəli) ilə təltif edilmişdir. Ayan, Aytən və Yusif adında 3 övladı yadıgar qalıb. Şəmkirin Şiştəpə kəndində olan ən böyük küçəyə polkovnik Vüqar Yusifovun adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir